Xülasə

Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik internet xəttinin çəkilməsidir.

Layihə çərçivəsində Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulması nəzərdə tutulur. Belə ki, bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Almaniyaya çatacaqdır. Layihə ilə əlaqədar nəzərdə tutulan Ehtiyat Şimal tranzit xəttin isə Rusiya, Ukrayna və Polşadan keçməsi planlaşdırılır.

 

TASİM layihəsinin reallaşdırılması region üçün aşağıdakı əsas faydaları verəcəkdir:

 

  • Təkmilləşdirilmiş regional və qlobal bağlantı;
  • Telekommunikasiya tranzit marşrutunun diversifikasiyası;
  • Təkmilləşdirilmiş qəza bərpa çevikliyi;
  • Rəqəmsal uçurumun azaldılması və Davamlı İnkişaf Məqsədlərinə töhfə;
  • Regional innovasiya və müasirləşməyə töhfə.

 

TASİM layihəsi texniki və kommersiya baxımından aşağıdakı konsepsiyalara əsaslanır:

 

Texniki konsepsiya:

  • İnteqrasiya edilmiş xüsusi IP / MPLS şəbəkəsi;
  • Yüksək tutumlu (bir neçə Tb / s) və genişlənən;
  • Təkmilləşdirilmiş tranzit xidməti;
  • Marşrut boyu böyük şəhərlərdə mövcud məntəqələr;
  • Avropa və Asiya arasında ən qısa telekommunikasiya tranzit marşrutlarından biri (təqribən 11000 km);
  • Topologiyada son dərəcə güclü əsas şəbəkə qurğuları və upstream qoşulma.

 

Kommersiya konsepsiyası:

  • Nəzərdə tutulan müştərilər-telekom operatorları üçün topdansatış şəbəkə;
  • Az gecikmə (daha sürətli şəbəkə üzərindən məlumat ötürülməsi);
  • Yüksək tutumlu video paylaşma üçün optimallaşma.

 

2011-ci ilin iyulunda Qəbələ şəhərində təşkil edilmiş 1-ci Beynəlxalq seminarda TASİM Katibliyi yaradılmış, həmin operatorlar TASİM Konsorsiumun yaradılmasına dair Anlaşma Memorandumu üzərində işləməyə razılaşmışlar. Həmçinin 2011-ci ilin 2-3 oktyabr tarixində İstanbulda, növbəti ilin 8-9 mart tarixində isə Budapeştdə keçirilmiş seminarlarda müvafiq olaraq, konsorsiumun idarə olunması, şərtləri və qaydaları üzrə danışıqlar davam etdirilmiş, tərəflər arasında Məxfilik Anlaşması imzalanmışdır.

TASİM layihəsinin idarə olunması üçün Azərbaycan (Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi), Çin (China Telcom Global Limited), Qazaxıstan (“Kaztranscom” JSC), Rusiya (“Rostelecom” OJSC Long-Distance and International Telecommunications) və Türkiyə (“Türk Telekomünikasyon” A.Ş) telekom operatorlarının iştirakı ilə TASİM Konsorsiumunun yaradılması nəzərdə tutulur.

Müvafiq konsorsiumun yaradılması üçün Azərbaycan tərəfi və yuxarıda qeyd olunan ölkələrin aparıcı telekom operatorları 3 dekabr 2013-cü il tarixində Anlaşma Memorandumu imzalamışdırlar.

TASİM layihəsinin reallaşması iki mərhələdən ibarət olacaqdır. Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit infrastrukturunu yaradacaqlar. Bu tranzit infrastrukturu TASİM layihəsinə kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq İP internet tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaqdır. Qeyd edək ki, region ölkələri telekom sektorunun inkişafı və bazar tələbi baxımından fərqlidir. Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) və yüksək səviyyəli İP internet şəbəkə xidmətləri vacib hesab olunur. Az inkişaf etmiş ölkələrdə isə elementar bağlantı və beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir.

TASİM, ikinci mərhələdə qurulmuş tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya daxil olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli internetlə təmin edəcəkdir. Bu mərhələdə Milli Telekom İnfrastrukturunun İnkişafı planlarına uyğun olaraq yeni fiber-optik xəttlər qurulacaq, mövcud xətlər isə texnoloji baxımından təkmilləşdirilərək TASİM şəbəkəsinə birləşdiriləcəkdir. TASİM layihəsi ikinci mərhələdə BMT mandatına uyğun olaraq həyata keçiriləcəkdir.

TASİM layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, bağlantının sürətləndirməsinə internet xidmətlərinin inkişafına kömək etməklə iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına rəqabətin artırılmasına xidmət edəcəkdir.

Regional telekommunikasiya tranzit marşrutunun genişləndirilməsinin inkişaf etdirilməsi istiqamətində özəl sektor, vətəndaş cəmiyyəti, elmi və beynəlxalq inkişaf institutları və hökumətlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Beynəlxalq Telekommunikasiya İnstitutu ilə Avrasiya Rabitə Alyansının yaradılması nəzərdə tutulur. Bu, Avrasiya regionunda telekommunikasiya tranzit marşrutu üzrə siyasi dialoqun təşviqi, regional tərəfdaşlıq və əməkdaşlığın dəstəklənməsi, maarifləndirmənin artırılması, təcrübə və bilik mübadiləsi üçün imkanların yaradılmasına xidmət edəcəkdir.