Tarix

2008-ci ilin noyabrında 14-cü Beynəlxalq Rabitə və İnformasiya Texnologiyaları sərgisi və konfransı (Bakutel-2008) çərçivəsində Bakıda keçirilmiş nazirlərin görüşü zamanı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi təşəbbüsünü irəli sürmüşdür. 2008-ci il noyabr ayının 11-də Bakıda TASİM layihəsinin yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilmişdir.

 

2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə (A/Res/64/186) qəbul edilmişdir. 30 ölkə tərəfindən həm-müəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd olunur.

 

2010-cu ilin aprel ayından etibarən Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TASİM layihəsinin idarəetmə qrupunu yaratmışdır.

 

2011-ci ilin iyulunda Qəbələ şəhərində Azərbaycan tərəfi, aparıcı telekom şirkətləri - Çin (China Telecom), Qazaxıstan (KaZ TransCom), Rusiya (Rostelecom), Türkiyə (Türk Telekom) və Avropa İttifaqı (Pantel) iştirakı ilə TASİM üzrə 1-ci Beynəlxalq seminar keçirmişdir. Belə ki, layihənin Katibliyi yaradılmış, operatorlar TASİM Konsorsiumun yaradılmasına dair Anlaşma Memorandumu üzərində işləməyə razılaşmışlar.

 

TASİM layihəsi üzrə telekom operatorlarının növbəti görüşləri 2011-ci ilin 2-3 oktyabr tarixində İstanbulda və 2012-ci ilin 8-9 mart tarixində isə Budapeştdə keçirilmişdir. Müvafiq olaraq, konsorsiumun idarə olunması, şərtləri və qaydaları üzrə danışıqlar davam etdirilmiş, tərəflər arasında Məxfilik Anlaşması imzalanmışdır.

 

Layihənin icrasının sürətləndirilməsi üzrə 2012-ci il dekabrın 21-də BMT Baş Assambleyasında yeni qətnamə (A/Res/67/194) yekdilliklə qəbul edilərək TASİM layihəsinə BMT-nin siyasi dəstəyi yenilənmiş, o cümlədən Əfqanıstan, Avstraliya, Azərbaycan, Belarus, Bolqarıstan, Çin, Kanada, Almaniya, Hindistan, Gürcüstan, İsveçrə, İsrail, İran, İraq, Koreya, Küveyt, Litva, Lüksemburq, Qazaxıstan, Qatar, Moldova, Pakistan, Portuqaliya, Rusiya, Sloveniya, Suriya, Tacikistan, Türkiyə, Ukrayna, ABŞ və Yaponiya bu dəstəyə qoşulmuşdur.

 

Regional telekommunikasiya tranzit marşurutunun genişləndirilməsinin inkişaf etdrilməsi istiqamətində özəl sektor, vətəndaş cəmiyyəti, elmi və beynəlxalq inkişaf institutları və hökumətlər arasında əməkdaşlığın yaradılması məqsədilə Beynəlxalq Telekommunikasiya İnstitutu ilə Avrasiya Rabitə Alyansının yaradılması təklifi bu qətnamə ilə dəstəklənmişdir.

 

Avrasiya regionunda telekommunikasiya tranzit marşrutu üzrə siyasi dialoqun təşviqi, regional tərəfdaşlıq və əməkdaşlığın dəstəklənməsi, maarifləndirmənin artırılması, təcrübə və bilik mübadiləsi üçün imkanların yaradılmasına xidmət edəcək Avrasiya Rabitə Alyansının yaradılması üçün BMT-nın siyasi dəstəyi Baş Assambleyanın 2013-cü il sentyabr ayının 4-də keçirilən 67-ci sessiyasında səsverməyə çıxarılmadan qəbul edilən qətnamə (A/Res/67/298) ilə bir daha yenilənmişdir.