İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun müsabiqəsi çərçivəsində 103 layihə kompleks ekspertiza mərhələsinə keçib

14 12 2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinə təqdim edilən 138 layihədən 103-ü ilkin ekspertizadan keçib.
 

Hazırda layihələrin kompleks ekspertizası həyata keçirilir.

 

“Kompleks ekspertiza prosedurlara uyğun olaraq, dekabr ayının sonuna qədər davam edəcək. Yanvar ayında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçiriləcək və bundan sonra müsabiqənin qalibləri elan ediləcək”, - deyə fonddan bildiriblər.

 

Təqdim olunan layihələr mütərəqqi proqram təminatının və innovativ İKT məhsulları nümunələrinin hazırlanmasını, yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılmasını, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılmasını və internet xidmətlərinin genişləndirilməsini ehtiva edir.