Beynəlxalq əməkdaşlıq

“Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi (TASİM) Avrasiya regionunda rabitənin təkmilləşdirilməsi, Avropa və Asiya arasında yeni fiber-optik telekommunikasiya tranzit marşrutlarının yaradılmasına yönəlmiş əsas təşəbbüsdür.

BMT tərəfindən qəbul edilən üç qətnamə ilə dəstəklənən TASİM layihəsinə çoxtərəfli və ikitərəfli səviyyələrdə dəstək artmaqdadır. Bu isə təsdiq edir ki, rabitə və rəqəmsal körpünün qurulması Rio+20 Samitinin əsas yekun nəticəsi olan Davamlı İnkişaf Məqsədlərinə nail olmqda üçün həlledici məsələdir.

TASİM Layihəsinin Katibliyi yarandığı 2011-ci ildən etibarən müxtəlif nüfuzlu beynəlxalq təşkilat və qruplarla sıx əlaqələr qurur. Belə ki, BMT Baş Assambleyası (UNGA) və BMT-nin İqtisadi və Sosial Əlaqələr Departamentindən (UN DESA) başqa, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okeanı üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP), Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası (UN ECE) və Birləşmiş Millətlər Təşkilatının İkişaf Proqramı (UNDP) kimi ixtisaslaşmış qurumlar TASİM layihəsinə öz dəstəklərini ifadə ediblər. Bunlarla yanaşı, TASİM Layihəsinin Katibliyi Dünya Bankı və Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa başlamışdır.

Ümumilikdə, təxminən 120 ölkənin problemləri ilə məşğul olan zəif inkişaf etmiş, açıq dənizə çıxışı olamyan və inkişaf etməkdə olan kiçik ada ölkələri üzrə Ali Nümayəndəliyin BMT Ofisi ilə (UN OHRLLS) gələcək əməkdaşlıq TASİM Layihəsinin Katibliyinin marağındadır. Rabitə bu ölkələr üçün humanitar fəlakətlərin nəticələrinin aradan qaldırılması və davamlı iqtisadi və sosial inkişafın təmin olunmasında mühüm rol oynaya bilən əsas məsələlərdən biridir.

TASİM Layihəsinin Katibliyi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Mərkəzi Asiya İqtisadiyyatlqrı üçün Xüsusi Proqram (SPECA), TRACECA  (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) Hökumətlərarası Komissiya və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı kimi digər regional təşkilatlar və təşəbbüslərlə münasibətləri inkişaf etdirmək niyyətindədir.

TASİM Layihəsinin Katibliyi Avrasiya qitəsində, həmçinin qlobal səviyyədə rabitə məsələlərinin həllində potensial maraqlı tərəf olan bütün ölkələrlə ikitərəfli əlaqələrini inkişaf etdirəcəkdir.

TASİM Layihəsinin Katibliyi xüsusilə, iqtisadi artım, sosial inkişaf və fəlakətlərə qarşı dayanıqlılıq məslələri üzrə rabitənin təsir sahələrində fəaliyyət göstərən əsas beynəlxalq beyin mərkəzləri və universitetlərlə əməkdaşlığa xüsusi əhəmiyyət verəcəkdir.